Venesiya Komissiyası Seçki Məcəlləsinə rəy verdi
KOMİSSİYA AZƏRBAYCAN PARLAMENTİNİN QƏBUL ETDİYİ QANUNLARDA MÜSBƏT VƏ MƏNFİ MƏQAMLARIN OLDUĞUNU BİLDİRİR
Avropa Şurası Venesiya Komissiyasının 75-ci plenar sessiyasında Azərbaycanın Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa əlavə və dəyişikliklər ətrafında müzakirə aparılıb. Bu barədə APA-ya Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov açıqlama verib.
Onun sözlərinə görə, Venesiya Komissiyasının qəbul etdiyi rəy gələn həftə açıqlanacaq. Sergey Kuznetsov Venesiya Komissiyanın Seçki Məcəlləsinə dair irəli sürdüyü bir sıra tövsiyələrin nəzərə alınmadığını bildirib: "Məsələn, komissiyaların tərkibi ilə bağlı dəyişiklik olunmayıb. Halbuki Venesiya Komissiyası bunu əsas aspektlərdən biri hesab edirdi. Şikayətlərə baxılmasına dair yeni sistemin tətbiqi yaxşı haldır, amma bu mexanizmin necə işləyəcəyini indidən söyləmək olmaz. Buna bəzi şübhələr var". Sergey Kuznetsov seçki müddətinin azaldılmasının da arzuolunmaz olduğunu bildirib: "Ümumilikdə Seçki Məcəlləsinə bir sıra məsələlərlə bağlı heç bir dəyişiklik edilməyib və bu hal Venesiya Komissiyasını təəssüfləndirir". O, Seçki Məcəlləsinə seçicilərin barmaqlara xüsusi mürəkkəbin vurulması ilə bağlı dəyişikliyin daxil edilməsini müsbət məqam kimi vurğulayıb. Venesiya Komissiyasının növbəti addımları ilə bağlı sualı cavablandıran Sergey Kuznetsov bildirib ki, VK siyasi struktur deyil: "Venesiya Komissiyası siyasi struktur deyil, hüquqi əməkdaşlıq orqanıdır. Bu qanunun necə tətbiq olunması Azərbaycan hökumətindən asılıdır. Seçkilər - siyasi iradənin təzahür formasıdır. Əgər Seçki Məcəlləsində hansısa çatışmazlıqlar varsa, amma seçkilərdə iştirak edən siyasi partiyalar siyasi iradə nümayiş etdirirlərsə, o zaman demokratik seçki keçirilməsi mümkündür".
Qeyd edək ki, Komissiyasının 75-ci plenar sessiyasında Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa əlavə və dəyişikliklər ətrafında da müzakirə aparılıb. Venesiya Komissiyasının bu qanunla bağlı mövqeyi kifayət qədər müsbət olub.
Qeyd edək ki, Komissiyasının 75-ci plenar sessiyasında Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa əlavə və dəyişikliklər ətrafında da müzakirə aparılıb. Venesiya Komissiyasının bu qanunla bağlı mövqeyi kifayət qədər müsbət olub.



